POLKOVNİK-LEYTENANT MƏNSUR NƏCƏFOV: “DÖYÜŞ GÜCÜMÜZÜN TƏMƏL DAŞLARINDAN BİRİ KİMİ BİZ FİZİKİ KAMİLLƏŞMƏ YÜKÜNÜ MƏRDANƏ DAŞIYAN VƏTƏNCANLI KLUB KOLLEKTİVİYİK”

 


(Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi

polkovnik-leytenant Mənsur Nəcəfovla müsahibə)


Yoldaş polkovnik-leytenant, bizə yaxşı bəllidir ki, Mərkəzi Ordu İdman Klubunun qalibiyyət boğçası yarandığı gündən etibarən müntəzəm surətdə müxtəlif mükafatlarla dolur. Çünki təməlimiz möhkəmdir. Səngər qoynunda doğulmuş müzəffər bir ordu sahibiyik. Erməni işğalçılarına qarşı 44 günlük “Dəmir yumruq” adlı hərbi əməliyyatımız dünya hərb tarixində yeni izlər saldı. Fəxr edirik ki, bu hərbi zəfərin davamlı gedişi idman sahəsində də qənaətbəxş bir axardadır. Belə ki, Tokio yay olimpiadasında doğma Azərbaycanımızın yunan-Roma güləşçisi kimi bürünc medal qazanmış Mərkəzi Ordu İdman Klubunun hərbi qulluqçusu, baş leytenant Rafiq Hüseynov həmin zəfərin hünərvər davamçılarından biridir. 

Həqiqətən hansı sahədə olursa-olsun, qalib gəlmək qəhrəman xalqımızın ali amalıdır. Tarix canlı şahiddir. Heç bir halda məğlubiyyətlə barışmırıq. Söz yox ki, Tokio yay olimpiadası ilə bağlı qeyd etdiyiniz uğur faktı hərtərəfli məna kəsb edir. Belə ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan pəhləvan hərbçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan idmançısı Karapet Çalyanı 4:1 hesabı ilə məğlubiyyətə uğratmaqla erməni vandallarına tutarlı güləş dərsi vermişdir. O, sözügedən olimpiadada ölkəmizin aktivinə üçüncü bürünc medalı yazdırsa da, ümumi mənada bizə qızıl medal həddində mənəvi ruh vermişdir. Demək olar ki, hər yarışda nikbin bir ovqatla çıxış edirik. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı isveçli Aleks Kessidisə qalib gələn Rafiq Hüseynov dörddəbir finalda qırğızıstanlı Akjol Mahmudova çətinliklə məğlub olsa da, qətiyyən ruhdan düşməmişdi. Onunla saxladığımız bütün operativ əlaqə zamanı yalnız qələbəyə inamlı söhbət aparmışıq. Yəni biz problemli məqamlar yaşamamışıq. Qazandığı idman nailiyyətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Rafiq Hüseynovun erməni rəqibini məğlub etməsi bizə ikiqat qələbə sevinci bəxş etdi. Sözün açığı, qalib ruhu sönməyən Rafiq Hüseynova həmişə güvənirik. Belə ki, dəfələrlə hərbçilər arasında dünya çempionatının mükafatçısı, ikiqat Avropa çempionu olan Rafiq Hüseynov 2011-ci ildə Almaniyada, 2020-ci ildə İtaliyada təşkil olunan qitə birinciliklərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Güləşçimiz 2019-cu ildə Qazaxıstanda keçirilən dünya çempionatını ikinci pillədə başa vurub. Bakının ev sahibliyi etdiyi I Avropa və IV İslam Həmrəyliyi oyunlarında isə gümüş medala sahib olub. Hər hansı şübhə ehtimalı olmadan deyə bilərəm ki, hərbçi idmançılardan ötrü qələbə mübarizənin sonu deyil. Ən qızğın mübarizə qələbədən sonra qələbəni qorumaqdır. Bu yolda bizim gücümüz tükənən deyil, uğurlarımızı daim zənginləşdirmək niyyətindəyik.

Yeni qələbə ünvanımız bəllidirmi?

İnamla deyə bilərəm ki, yeni qələbə ünvanımız 16-26 sentyabr 2021-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində boks idman növü üzrə keçiriləcək Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) 58-ci Dünya çempionatıdır. Belə mötəbər yarışlarda çox iştirak etmişik. Dəfələrlə dəyərli mükafatlar qazanmışıq. Yəni rəqiblər bizim gücümüzə yaxşı bəllidir. Hər ehtimala qarşı yeni güc mənbələri yaradırıq ki, əsassız olaraq məğlubiyyət acısı yaşamayaq. Hazırda idman zallarımızda gərgin məşqlər gedir. Sözün həqiqi mənasında, növbəti çempionata gecəli-gündüzlü çalışırıq. İdman bölüyünün məşqçiləri hər gün əldə edilən məşq nəticələrini dərindən təhlil edir və ibrətamiz çıxışlar edərək hərbçi idmançılarımızı mənəvi cəhətdən möhkəmləndirirlər ki, tükənməz gücə sahib olmaq üçün yeni güclü fənd səriştələrini əxz etməyə səy göstərsinlər. İnanıram ki, yüksək iradi keyfiyyətləri ilə seçilən güclü idmançılarımız – 52 kq çəkidə Məsud Yusifzadə, 56 kq çəkidə Tayfur Əliyev, 64 kq çəkidə Malik Həsənov, 69 kq çəkidə Sərxan Əliyev, 75 kq çəkidə Mirşərif Kazımzadə və 91 kq çəkidə Məhəmməd Abdullayev boks meydanında öz hünərli sözünü deyə biləcəklər. Bu il bizi qarşıda daha iki sınaq gözləyir. 28 oktyabr - 4 noyabr 2021-cil tarixlərində Fransanın Paris şəhərində cüdo üzrə, 19 – 26 noyabr 2021-ci il tarixlərində İranın Tehran şəhərində güləş üzrə keçiriləcək hərbçilərin dünya çempionatında iştirakımız nəzərdə tutulur.

Bəzən  hərbi qulluqçu ilə idmançı hərbçilər arasında müqayisə aparılır və müəyyən fərqli çalarlara üstünlük verilir. Siz bu sayaq fikirlərə necə qiymət verirsiniz?

Xalq arasında belə bir hikmətli söz var. Deyirlər ki, hər cür müqayisə qüsurlu mahiyyət daşıyır. Çünki əksər hallarda subyektivizmə meyil edilir. Mən obyektiv yanaşmanı üstün hesab edirəm. Belə başa düşürəm ki, idmançı hərbçi yenilməz bir qüvvə deməkdir. O, həmişə öz potensialını artırır, yalnız qalib olmaq arzusu ilə yaşayır və müntəzəm aparılan təlim-məşqlər hesabına fiziki kamillik göstəricilərini yüksəldir. Döyüşçü də basılmaz qüvvə iddiasında olan bir vətənoğludur. Orduda aparılan ümumi fiziki hazırlıq, hərbi-tətbiqi hazırlıq, kütləvi idman tədbirləri, təlim-döyüş fəaliyyəti prosesində keçirilən fiziki məşğələlər də hərbi qulluqçuları yetkin idmançı səviyyəsinə qaldıra bilir. Əgər bu istiqamətdə görülən işlər keyfiyyət baxımından qaneedici olarsa, hərbi qulluqçu da tədricən idmançı hərbçi qabiliyyətinə sahib olur. Yəni biz idman tədbirləri üzrə davamlı fəaliyyətimizi müasir tələblər səviyyəsində qurduğumuza görə hər hansı hərbi qulluqçu ilə idmançı hərbçi arasında müqayisə axtarmağa ehtiyac yaranmır. Ümumən desək, ordumuzda idmanı çox sevirlər. Müsbət hal kimi vurğulaya bilərəm ki, yuxarı komandanlığın xüsusi diqqət və qayğısı sayəsində şəxsi heyətin fiziki inkişafını yaxşılaşdırmaq, sağlamlığı möhkəmləndirmək və hərbi-peşəkar fəaliyyətin müşkül amillərinə qarşı orqanizmin davamlılığını artırmaq məqsədilə ordumuzda əsaslı işlər görülür və ürəkaçan nəticələrimiz göz qabağındadır.

Bir az da gələcək planlarınız barədə...

Hərbçilər üçün belə bir məlum düstur var: Ordu qələbəsi üçün modern hərbi tехnikа ilə yаnаşı, döyüşçülərin üstün fiziki hаzırlığı, coşan vətənpərvərliyi, qranit dözümlülüyü, fərqli cəsurluğu, iti çеvikliyi, möhkəm irаdəsi, yüksək psiхоlоji əhvаl-ruhiyyəsi çox gərəklidir. Qələbə imzasını qoymaq üçün nə lazımdırsa, bizim ordu hər cür döyüşə qadir bir ordudur. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının müdrik və çox yetkin bir rəhbərliyi altında gündən-günə təzə bir güc mənbəyi yaradır və heyranedici üstünlük qazanırıq. O cümlədən Mərkəzi Ordu İdman Klubu da inkişaf xəttindən kənara çıxmır. Söz düşəndə deyirlər ki, saatın çarxı çox dövr edir, lakin o, bircə dəfə hədəfi döyür. Qürurvericidir ki, Mərkəzi Ordu İdman Klubunda səriştəli, təcrübəli və yurdsevər məşqçilərimizin təlim verdiyi igidlər istənilən hədəfi istənilən anda vurmaq iqtidarındadır. Döyüş gücümüzün təməl daşlarından biri kimi fiziki kamilləşmə yükünü biz mərdanə daşıyan vətəncanlı klub kollektiviyik. Basılmaz ordumuzun kamil mexanizmi olaraq ordumuzun döyüşçüləri ilə birgə nəfəs alırıq. Ali məqsədlərimiz naminə gələcək planlarımızı birgə gerçəkliyə çeviririk. İftixar hissləri ilə deyə bilərəm ki, şanlı ordumuzun sıralarında yüksək idman zirvələrini fəth etmək üçün yeni fidanlarımız kök atır. Axı, bizim xalq tarixən dişli rəqibləri sevir və ilahi ədalət naminə hər cür bəlalara əlac tapır. Fədakar ordumuz da xalqımızın könül evində ən uca yerdə durur və qəlbən çox sevilir. Ona görə  də gözlərimiz arxada qalmır, yalnız irəli baxırıq.

 

                                                    Müsahibəni apardı:

                                                  İbrahim MƏSİMOĞLU

                    müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”