ÜRƏYİMİZDƏN XƏBƏR VERƏN ROMAN
Doğrudan, tale də daim cəsurların tərəfində
olur. Mənimlə bahəm vətən savaşının ağrı-acılarını yaşayan və üstəlik doğma rayonu Zəngilanın işğal dərdinin soyuqluğunu içində yox edə bilməyən qələm
yoldaşım, yurdcanlı cəbhədaşım Vahid Məhərrəmovla yaradıcılıq söhbəti edərkən həmişə
bir-birimizə ürək-dirək verir və mənfur erməni işğalçıları üzərində tezliklə qələbə
çalacağımızdan inamla söz salırdıq. Bütün diskussiyalarda, mübahisəli məqamlarda
həm inadlı mövqeyimizin, həm də bizi qələbəyə doğru aparan güclü inam hisslərimizin
ölçüsü pozulmurdu. Dediyimizi yenə deyirdik. Qətiyyən bədbinliyə qapılmırdıq. Bəzən
sevdiyimizi əldə edə bilməsək də, əldə etdiyimizi qəlbən oxşamağa çalışırdıq.
Erməni faşizmi üzərində zəfər çalmaq
üçün sönməz inamımızın əsaslı kökləri vardı. Əvvəla, biz bir hərbçi kimi ordumuzun
təməl daşı qoyulduğu günlərdən etibarən cəsur döyüşçülərimizin arasında
çalışır, üzərimizə düşən müqəddəs vəzifələri layiqincə icra edirdik. İkincisi,
doğma yurdumuz uğrunda gedən uğurlu və uğursuz döyüşlərin nəticələrini yaxından
görür, bizə məğlubiyyət acısı verən əsl səbəbləri yaxşı bilirdik. Ona görə də
tez-tez əsəbiləşirdik, necə deyim, damarımızda qan deyil, qəzəb dolaşırdı. Tam əminliklə
bilirdik ki, bizə məğlub olmaq yaraşmır, ordumuz rəzil və hiyləgər erməni daşnaklarını
son nəfəsinədək qanına qəltan etmək iqtidarındadır. Lakin zaman əvvəllər bizim
xeyrimizə işləmədi. Çox bəlalara düçar olduq, necə deyərlər, yaş torpaq yatağımız, daşlar balıncımız, göy üzü
yorğanımız oldu və heç vaxt haqlı mövqeyimizdən geri çəkilmədik. Şükürlər
olsun ki, işğal acılarımız çox çəksə də, halal haqqımıza sahib ola bildik, müzəffər
ordumuz bizə qələbə sevincini yaşatdı.
Ordumuzun şanlı qələbəsindən sonra hörmətli
həmkarım hərbi yazıçı-jurnalist Vahid Məhərrəmovla görüşümüz çox şad bir ovqat
içərisində oldu. Keçmiş günlərimizi səhifələyərək bir-birimizə göz aydınlığı
verdik. Onun ali və israrlı qüvvənin təlqin etdiyi ilhamla yazdığı “Müharibənin
qanlı kölgəsi” adlı yeni kitab hədiyyəsi mənə əlavə sevinc bəxş etdi.
Sorğu-sualsız bildim ki, mövzumuz doğma mövzudur və qələmlərimiz də qələbə
ruhunda nəfəs almaqdadır.
“Müharibənin qanlı
kölgəsi” romanı barədə istedadlı həmkarım Vahid Məhərrəmovun verdiyi qısa
açıqlamalardan mənə məlum oldu ki, vaxt etibarı ilə zəfər tariximizdən əvvəl
yazılsa da, ordumuzun inkişaf meyillərini, keçirdiyimiz hərbi əməliyyatların mənfi
və müsbət təzahürlərini fərqli bir biçimdə əks etdirən bu kitab öz tarixi dəyəri
ilə yüksək qiymətə layiqdir. Ümumən desək, vətənçilik həmişəyaşar ideyadır.
Yaxşı bilirik ki, sənədli əsərlər milli ədəbiyyatımızda
xüsusi çəkiyə malikdir. Həmişə maraqla oxunur və heç vaxt unudulmur. Çünki hamının diqqətini cəlb edən real tarixi həqiqətləri
özündə yaşadır. “Müharibənin qanlı kölgəsi” romanı da beləcə aktual və çox dəyərli
bir əsər kimi vətəncanlı hərbçi məfkurələrinin bir tərcümanıdır. Vətən müharibəsi
ilə bağlı mürəkkəb həyat hadisələri, ordumuzun inkişaf yollarına çıraq tutan
gerçək əməli proseslər əsərdə xoşagələn bir üslubda təsvir edilir. Obrazlar səngərdə
doğulan ordumuzun irili-xırdalı döyüş fəaliyyəti axarında formalaşmış mənəvi
simalardır. Üstün əxlaqi dəyərlərə malik olan tiplər qalereyasında vətənin
xilası üzrə hərənin öz sözü, öz nicat yolu var. Qəhrəmanların dilində ara-sıra
səsləndirilən həyəcan siqnalı öz-özlüyündə tutarlı bir təşbehə çevrilir.
Romanın bütün fəsillərində Dağlıq Qarabağ probleminin həlli yolları barədə bu
sayaq mühakimələr irəli sürüldüyü məkandan asılı olmayaraq mənəvi təlatüm
doğurur. Təbii ki, romanda əsas qəhrəmanlarla yanaşı sıravi surətlərin haqlı və
haqsız mövqeləri qarşı-qarşıya qoyulur, şəxsi talelərin ibrətamiz məqamları önə
çəkilir.
Romanın süjet xətti iki hissədən ibarətdir.
Birinci hissədə yeddi fəsil, ikinci hissədə
isə on fəsil olmaqla müharibənin doğurduğu cürbəcür bəlaların insan taleyinə
vurduğu zərbələr, Xocalı ağrıları, ünvanına yetişməyən məktubların tarixçələri,
tarixi saxta olan ermənilərin fırıldaq əməlləri, döyüşə təlimsiz gedən əsgərlərə
baxış bucaqları və sair kontekstlər maraqlı süjetlər əsasında ustalıqla qələmə
alınır. Əsas qəhrəman kimi Fikrətin həyat
yolunda biz çox həqiqətlərin şahidi oluruq. Fotoqraf Əlinin obrazı da üstün cəhətləri
ilə fəqlənir. Ordu quruculuğunun ilk çətinlikləri, döyüş prosesində pərakəndəlik
halları, maddi-texniki təminat qıtlığı
müdrik bir tərzdə açıqlanır. Bu, söz yox ki, hərbçi həyatı yaşamış qələm
adamı kimi Vahid Məhərrəmovun təcrübəsindən irəli gəlir. Səriştə mühüm şərtdir.
Naşılıqdan uzaq olan yazıçı hamını qiymətləndirməyə çalışır, heç kimi kölgə
altında qalmağa qoymur və mənfi təzahürlərlə yanaşı müsbət cəhətləri qabarıq
canlandırır. Ona görə ki, yaxşı və təsirli
iş görməyin müşkül cəhətlərini bütün incəliklərinədək ətraflı dərk edir. Axı, hər
şeyin yaxşı tərəfini yox, yalnız pis tərəfini görmək obyektiv qiymətləndirilə
bilməz. Ədəbi tələblər tam ödənilməlidir ki, yazılan əsər təsirsiz qalmasın. Vahid
Məhərrəmovun qələmi bu sarıdan uğurlu ömür sürür.
Bir incə məqama da toxunmaq istəyirəm.
Deyirlər ki, ən bəxtsiz adamın da uldusu var, amma bəla o zaman ortaya çıxır
ki, bu sayaq şəxslər öz ulduzunu tanıya bilmirlər. Müsbət cəhət kimi qeyd edə
bilərik ki, “Müharibənin qanlı kölgəsi” romanında canlandırılan qəhrəmanlar öz
ulduzlarından xəbərsiz deyil.
Dünyada baş verən savaşlar mahiyyət
baxımından eyni sayılsa da, erməni faşizminə qarşı apardığımız ədalətli müharibənin
cahanda bənzəri yoxdur. Romanda həmin ideya gözəl xırdalanır. Biz ağrı çəkə-çəkə
gördük ki, formal atəşkəs razılaşması konkret vaxta əsaslanmırdı. Bəzi beynəlxalq
rəylərdə ölçülər, münasibətlər və məsuliyyətsizlik halları həddini aşmışdı. İşğal
tarixi hamıya yaxşı bəllidir. Neçə-neçə xəyanətlər üzə çıxdı, mənəvi acılar, uzun-uzadı
fəryadlar yaşadıq.
Romanın əsas qəhrəmanlardan biri kimi
tibb bacısı rəhmətlik Məleykə xanımı mən də tanıyıram. Onunla çox canlı ünsiyyət
yaratmışam. Qorxmaz və əyilməz bir qadın mənəviyyatı ilə seçilirdi. Ön atəş xəttində
mənə lazımi tibbi xidmətlər də göstərib. Vətənçilik ruhu, səciyyəsi və həyat
reallığına olan baxışı etibarı ilə Məleykənin obrazı çox gözəl qələmə alınıb.
O, işğal dərdindən doğan canüzücü kədərə də, ağır döyüşlərin yaratdığı qorxulu
məqamlara da mərdanə dözürdü. Mətin xasiyyətli Məleykənin fədakar əməlləri,
xidməti öncüllüyü qaniçən erməni faşistlərinin törətdiyi qanlı hadisələrdən
aldığı əzablar, üç qardaşının ölüm acısı fonunda elə əks olunur ki, çox nümunəvi
bir hərbçi xarakteri ilə üz-üzə dayanır və ona böyük rəğbət bəsləyirik.
Evə yorğun gələn Fikrətin Məleykəyə
verdiyi cavab içimizi uzun müddət didib-dağıdan işğal dərdinin real tərifini
ortaya qoyur: “ Vallah, bu atəşkəsdən bezmişik. Axı nə qədər gözləmə mövqeyində
dayanacağıq? Axı səbrin də, dözümün də bir həddi, bir səddi olmalıdır. Ermənilər
getdikcə azğınlaşır, işğal etdikləri ərazilərimizdə məskunlaşır, çöllərdə
yanğınlar törədirlər. Tez-tez təlim keçirlər, istədikləri vaxt atəşkəsi
pozurlar. Keçmiş illərdən dişlərində şirə qalıb, ağılları əvvəlki günlərə
gedib, yenə ərazilərimizi ələ keçirmək istəyirlər. Qoy bilsinlər ki, bizim nə
geri çəkilmək fikrimiz, nə də yerimiz var. İşğala bu qədər dözdüyümüz yetər. Qəsbkarlığın
da bir sony olacaq, yoxsa, yox?...” Vahid Məhərrəmov roman qəhrəmanının dili ilə
yazdığı bu fikirlər zaman etibarı ilə hamının ürəyindən xəbər verir və müharibənin
obyektiv şərtlərə əsasən labüdlüyünü vurğulayırdı. O, ictimai həyatımızda hər
addımbaşı rast gəldiyimiz neqativ halları müxtəlif bədii ifadə vasitələri ilə tənqid
atəşinə tutaraq oxucularını ruhən nikbinləşdirir və yurd uğrunda savaşa
hazırlayırdı. Nə yaxşı ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar beynəlxalq mənfilikləri
döyəcləyə-döyəcləyə irəli getdik, öz gücümüz hesabına müqəddəs arzularımız çin
oldu, məyusluğa son qoyduq.
İstedadlı qələm yoldaşımız Vahid Məhərrəmovun növbəti kitabının ruhunda azğın düşməndən intiqam almağa, ordumuzun gücləndirilməsi naminə şəxsi töhfə verməyə çağırış ideyası hakim qüvvə kimi reallığa çevrildi. Həmçinin nəql etdiyi hadisələrin axarında öz doğmalarının, yaxın qohumlarının və dost-tanışlarının qaçqın-köçkün faciəsinin acınacaqlı məqamları ilə bağlı çıxardığı haşiyələr yurddaşlarımızda xain düşmənə qarşı güclü nifrət, doğma Azərbaycanımıza sönməz məhəbbət hissləri aşıladı. Söz yox ki, bədii-tarixi anlamda möhkəm özül qoymaqla vətən obrazını bütün mücəssəmliyi ilə ucaldan bu roman müzəffər xalqımız tərəfindən həmişə sevilə-sevilə oxunacaq və heç vaxt öz dəyərini itirməyəcəkdir.
İbrahim
MƏSİMOĞLU
hərbi
jurnalist, ehtiyatda olan polkovnik-leytenant


Комментарии
Отправить комментарий