ERMƏNİ FAŞİZMİNİ İFŞA EDƏN NADİR PARKIMIZ

 


   Doğrudan da, həqiqəti qəbul etmək həqiqəti dəyişməkdən çətindir. Haqlı olduğumuza görə biz müqəddəs istəyimizə nail ola bildik. Qaranlıq bir dalana salınmış Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinə qanımız və canımız hesabına çıxış yolu açdıq və bütün dünya ədalətli Vətən müharibəmizin həqiqətlərini qəbul etmək məcburiyyəti qarşısında qaldı. Dağlıq Qarabağ həqiqətini dəyişdirməyə cəhd edənlər qeyri-ixtiyari olaraq susmağa üstünlük verdilər. Müzəffər ordumuz mükəmməl hərbi strategiya və taktika əsasında “Dəmir yumruq” əməliyyatını bir gün də olsa dayandırmadı, hərbi anlamda keçilməz sayılan sədləri yarıb keçdik. İnanılmaz qalib döyüşçü nümunələri göstərdik, çoxlu sayda müxtəlif hərbi qənimətlər ələ keçirdik və son nəticə olaraq paytaxtımızın gözəgəlimli bir məkanında Hərbi Qənimətlər Parkı salındı. Bu park dünya hərb tarixinə düşən erməni faşizminin məğlubiyyət lövhəsidir.

     

        Açıq səma altında nadir bir üslubda salınmış Hərbi Qənimətlər Parkı açıldığı gündən etibarən böyük təntənə yaşamaqdadır. Ziyarətçilərin gəlişi dayanmır.  Hər kəs hərbi qənimətlərin fonunda xatirə şəkli çəkdirir, xüsusi bir tərzdə öz fərəh hisslərini bəyan edir və şadlanır. Biz də bu gün həmin qürurlu məqamları yaşadıq. Səbail rayon müharibə veteranlarına daim mənəvi dayaq verən hörmətli millət vəkilimiz Nigar Arpadarai da bizimlə birgə Hərbi Qənimətlər Parkına ziyarətə gəlmişdi. Nigar xanım həm 1-ci, həm də 2-ci Dağlıq Qarabağ müharibəsinin iştirakçıları ilə çox səmimi həmsöhbət olaraq qələbəmizin dəyərli nəticələrini konkret faktlar əsasında izah edir və öz şəxsi minnətdarlığını bildirirdi. O, yüksək sevgi hissi ilə vurğuladı ki, Hərbi Qənimətlər Parkı misilsiz qəhrəmanlarımızın canı və qanı bahasına əldə etdiyi qələbənin parlaq təcəssümüdür. Bu şanlı tarix bizi mənən çox qüdrətli bir qüvvəyə çevirib. 

     Real döyüş mövqelərinə bənzər park ekspozisiyaları ayrıca nəzərdən keçirilərkən uğurlu döyüş xatirələri yada salınır və hərə öz müsbət rəyini açıqlayırdı.  AVMİB Səbail şöbəsinin sədri İlham Əliyev söhbət zamanı ziyarətdə iştirak edən 2-ci Dağlıq Qarabağ müharibəsinin gənc veteranlarını adbaad səsləndirdi. Vurğun Abbaszadə, Samir Kazımov, İsmayıl Cavadov, Adışirin Mirzəliyev, Tural Cəlilov, Cəfər Hüseynov, Baləmi Əliyev, Fuad Babayev, Qələndər Zeynalov və digər cəsur oğullarımıza xain erməni işğalçıları üzərində bizə tam və qəti qələbənin sevincini yaşatdıqlarına görə ürəkdən ”daim var olun” dedik. Beynəlmiləlçi əlil döyüşçü fondunun sədr müavini Rasim Əliyev Hərbi Qənimətlər Parkının beynəlxalq əhəmiyyətini vurğulayaraq gələcəkdə qlobal miqyasda qalib ölkəmizin qazanacağı növbəti siyasi uğurlardan, nikbinlik doğuran hərbi faktlardan söz saldı.

       

       Çilik-çilik olan hərbi qənimətlərə baxdıqca şanlı ordumuzun hünərini alqışlayır, işğal hiyləsi ilə alçalmış düşmənə isə “lənət olsun” deyirdik. Öz işğal tarixini mifə çevirmiş Ermənistan bu nadir parkımızın hər qarışında gerçək döyüş göstəriciləri ilə ifşa olunur. Hər bir park nümunəsi real surətdə göstərir ki, erməni vəhşiliyinin, daşnak hərbi cinayətinin əyani sübutları danılmazdır. Burada nümayiş etdirilən hərbi texnikalar, silahlar, döyüş avtomobilləri, tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər, habelə tikanlı məftildən tor, müxtəlif müdafiə maneələri ziyarətçi qarşısında real döyüş cəhnələrini canlandırır. Söz yox ki, bu tarixi həqiqətləri xarici qonaqlarımız da gəlib görəcək və erməni faşizminin vəhşi əməllərini, yalanlarını, iyrənc vandal hərəkətlərini, Dağlıq Qarabağın işğalı ilə bağlı ermənisayağı əfsanələrin necə puc olduğunu öz gözləri ilə görəcəklər. Ehtimal ki, bizim ədalətli zəfərimizədək erməni tərəfini saxlayanlar da  murdar içi açılan daşnaklara  üzlərini tutub deyəcəklər ki, kömək mənasında bizdən nə görübsünüzsə, daha onları görə bilməzsiniz, bundan sonra görmədiklərinizi görəcəksiniz, ən yaxşı halda haqq yoluna qayıdın!  

                                                     İbrahim MƏSİMOĞLU

                     müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant  

 

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”