QƏLƏBƏNİN MÜƏLLİFİ KİMDİR?!...

 


                                            

         Dünyanın gərdişinə görə gərək biz də daxili münasibətlərdə milli dəyərlərimizə xələl gətirən siyasi mübarizə rəftarımızı dəyişək. Amma haqqı heç vaxt itirməyək. Yoxsa gərdişin namərdliyinə tuş gələrik. Yaxşıdır ki, müqayisə edə-edə haqqın yoluna çıxırıq. lakin unutmayaq ki, bəzi mənəvi məsələlərin çözümündə aparılan  müqayisəli məqamlar könüllərə xal salır, bizə cəfalar yaşadır, döyüşçü haqqı kölgə altına düşür, ürəklər ömür axarında unamadığımız qaranlıq məkanlara qərq olur. Axı, hərənin bir görmə uzaqlığı var. Kimi yaxını görür, kimi uzağa baxanda gözləri qaralır, kimi də uca Allahımızın hökmü ilə nəzər imkanından tamam məhrumdur. Azğın düşmənimiz üzərində parlaq qələbə qazandıqdan sonra işğal acılarımıza son qoysaq da, necə deyim, şanlı ordumuzun zəfər yürüşünün real nəticələri ilə bağlı bəzi məqamlarda soyuq ruhlu müqayisələrimizi isidə bilmirik.

        Mən belə anlayıram ki, qəhrəman Azərbaycan xalqının haqqını içimizdən kimsə altun ilə çeynəsə, yaxud siyasi mənafeyinə qurban versə, bizə gələcək həyatımızda qələbə bəxş edəcək fidanlarımız bir daha gen-bol biçimdə kök atmazlar! Biz dişli rəqibləri sevirik. Amma o rəqibləri içimizdə axtarmaq istəmirik. Tarix canlı şahiddir. Bu gün müzəffər Azərbaycan Ordusu könül evimizdə ən uca yerdə durur. Mərd oğullarımızın, qəhrəman şəhidlərimizin hünəri hesabına nigaran gözlərimiz tamamilə arxadan çəkildi. İndi yeni zirvələri fəth etmək üçün yalnız irəli gedirik. Ana yurdumuz uğrunda cəng edərək şirin canından keçənlərin xatirəsini daim əziz tutur və eyni zamanda onların yeni davamçılarını ərsəyə gətiririk ki, mənfur düşmən qonşumuz bizim üzərimizə bir daha hücum etməyə cəsarət etməsin.

      “Soyuq ruhlu müqayisə” dedikdə mən nəyi nəzərdə tuturam. Sosial şəbəkədə kim qələbə göstəricilərini necə anlayırsa, kim işğal probleminə aid hər hansı amili daha qabarıq görürsə, kim öz subyektiv mövqeyini daha çox ucaltmaq istəyirsə, o sayaq da şəxsi fikir yürüdür. Əlbəttə, bu xoşagəlməz diskussiya qarışıqlığı yaradan səbəblərdən biri qeyri-yetkin siyasi müxalifətdən gələn mübarizənin əks-səmt küləyidir. Çox müdrik siyasət yeridən, hər dövlət başçısının nümayiş etdirə bilmədiyi cəsarət nümunəsi göstərən və son nəticədə super güclərə beynəlxalq hüquq sevdası bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyevə bəzən yersiz halda qısqanc yanaşan, bəzən isə ifrat dərəcədə həsəd aparan müxalif qüvvələr yalnız Azərbaycan Ordusunu qələbə müəllifi kimi görürlər.       

        O cümlədən siyasətlə məşğul olmasa da, bəzi ziyalılarımız qələbə nəticələrərinə birtərəfli qiymət verərək narazı əhval-ruhiyyə yaradırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin uzun sürən tarixini qlobal siyasi oyunlarla bağlayaraq öz mühakimələrində siyasi amili önə çəkirlər. Əlbəttə, o dərdli tarixi hamımız birtəhər yaşamışıq. Gerçək faktdır ki, super güclər tərəfindən Dağlıq  Qarabağ problemi siyasi bir problemə çevrilmişdi. Bir müharibə veteranı kimi yaxşı xatırlayıram. 1-ci Qarabağ savaşında məşəqqətli səngər mühitində ərsəyə gələn ordumuz böyük çətinliklər içərisində vuruşa-vuruşa torpağımızın müəyyən hissəsini azad edirdi, lakin beynəlxalq siyasi təsirlər altında qalan və kifayət qədər maliyyə imkanları olmayan dövlətimiz əldə edilən hərbi uğurları saxlamaq sarıdan aciz qalırdı. Son nəticədə geri çəkilməli olurduq. Əlində əsaslı dəlil olmasa da, hamı bir-birini günahlandırırdı. Yəni Dağlıq Qarabağ problemi əksər hallarda beynəlxalq müstəvidə hərbi yox, siyasi məsələ sayılırdı. Ona görə də deyirdilər ki, bu münaqişənin hərbi yolu yoxdur. Bax, bu ədalətsiz beynəlxalq yanaşmaya görə də əldə edilən qələbəni, reallaşan haqlı hərbi məsələ həllini nəzərə alaraq bəzilərimiz deyirlər ki, müharibəni qəhrəmanlar deyil, strategiya udur və bu strategiyanın sahibi müdrik Prezidentimiz İlham Əliyevdir.

       Tarixən görmüşük ki, haqq yeyilər, amma həzm edilməz. Ümummilli mənada qələbədə hamının – Prezidentin də, ordunun da, yurda əsgər verən ata-anaların da, habelə adi bir fəhlədən tutmuş ən güclü sahibkara kimi hər bir Azərbaycan vətəndaşının qələbəyə öz töhfəsi var. Xalqımız tərəfindən kütləvi şəkildə dəstəklənən bu sağlam məntiqi xırdalamaq istəyirəm. Öncə onu deyim ki, qələbəmizin əsasını təşkil edən strategiya çox incə və ibrətamiz İlham Əliyev strategiyasıdır. Onun siyasi lider üstünlüyü 44 günlük zəfər yürüşümüzdə susmaq bilməyən silahlarımızın alovlu dili ilə sübutlandırıldı. Çünki mübariz Ali Baş Komandanımız daban yalamaqla ayaqda duran düşmənin yuxuda da ağlına gələ bilməyən kamil bir ordu qurmuşdu. Basılmaz əsgərlərimizin qəhrəman əməlləri hesabına ana yurdumuz murdar nəfəslərdən təmizləndi, onların tökülən qanı əvvəllər olduğu kimi itib-batmadı. Peşəkar və cəsur zabit heyətimiz savaş idarəetmə işində yeni dəst-xətt yaratdı. Fəxr ediləsi fakt odur ki, modern üslubda apardığımız uğurlu hərbi əməliyyatlara əsasən “ən üstün güc mənəm” deyən dünya orduları bizim savaş təcrübəmizdən bəhrələnməyi özünə ar bilmir, əksinə bizdən öyrənməyi daha münasib sayırlar.

       Qələbəmizin başlıca səbəblərindən biri də dəmir yumruq kimi formalaşan milli birliyimizdir. Atalarımız nahaq yerə deməyiblər ki, qələbə birlikdən doğar. Mənə daha çox o fikir xoş gəlir ki, “qələbənin müəllifi Azərbaycan xalqıdır” deyirlər. Uca Allahımız ürəyimizə qüvvət, biləyimizə tükənməz güc, ağlımıza elə bir parlaqlıq verdi ki, mətin ordumuz qəsb edilən yurdumuzun hansı yerinə ayaq basdısa, həmin doğma məkanları zəlzələ kimi titrətdi. Ana vətənimiz ayağa dursun deyə igid əsgər və zabitlərimizin bir qismi öz əl və ayaqlarını qurban verdilər. Vaxtilə bizi saya salmayan azğın düşmən qan içində boğuldu. Zatıqırıq erməni milləti yiyəsi ölmüş bir heyvan kimi ayaqlar altına sərilərək zar-zar ağlamağa başladı. Bizə qarşı çıxan dövlətlər beynəlxalq münasibətlərdə qınaq hədəfi oldu. Qəhrəman xalqımızın ədalət harayı haqq sevən könülləri silkələdi, xalqımız dünyada əsl ədalət aşiqi kimi sevildi.

      Mən yüksək qürur hissləri ilə deyərdim ki, qələbəmizin əsl müəllifi müqəddəs ruhlu şəhid oğullarımızı, fədakar qazilərimizi yetişdirən analarımızdır. Azərbaycan anası qəhrəman övlad dünyasının fərəhli sahibidir. Onlar bala acısı çəkər, amma yurd acısını çox çəkməzlər. O ali rütbəli analarımızın qarşısında ehtiramla təzim edir və onların əllərindən öpürəm!...

      Bir fikri də ayrıca vurğulamağı özümə mənəvi borc sanıram: Qlobal mənada Dağlıq Qarabağ probleminin çözümündə qalib sima Turan nəfəsli türk xalqıdır. Bu fani dünyada həqiqət yiyəsiz qalan zaman acizləşir. Həqiqəti hamı tərifləyir, amma onun arxasında hər kəs dura bilmir. Həqiqəti yalnız əsl ədalət sevənlər qoruyur və lazım gələndə onun uğrunda can verirlər.  Bu fərqli bir hünərdir. Həqiqət alovu onu aparanın əlini çox yandırır. Biz bu yolda misilsiz yanğınlara məruz qaldıq. Ona görə uduş əldə etdik ki, tarixi həqiqətlər naminə təkcə müdafiə mövqeyi tutmadıq, Turan nəfəsli türk xalqının mənəvi dəstəyi hesabına hücuma keçdik və qəti qələbə qazandıq...

                                                      İbrahim MƏSİMOĞLU

                       müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”